14.05.2019

İnklüziv təhsil üzrə müəllim bacarıqlarının artırılması təlimi

Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi və UNİCEF tərəfindən icra olunan “Azərbaycanda inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində 2019-cu ilin may ayının 13-15-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda beynəlxalq ekspertlər komandası tərəfindən təlimçilərin növbəti təlimi keçirilib. Bu qısa təlim kursu fevral ayında keçirilmiş daha geniş Təlimçilərin təlimi kurusunun davamıdır. Təlimlərin məqsədi təlimçiləri inklüziv təhsil üzrə müəllim hazırlığı proqramları ilə tanış etmək və onları universitet və məktəb müəllimlərinin ixtisasartırma təlimlərinin keçirilməsinə hazırlamaqdır. Layihələr çərçivəsində təlimlərə Bakı, Gəncə, Sumqayıt şəhərləri, Quba, Şəki, Şamaxı, Ağcabədi və Cəlilabad rayonlarından cəlb olunmuş 54 müəllim ilkin mərhələdə qeyd olunan proqram əsasında 600-ə yaxın universitet müəlliminin təlimləndirilməsində iştirak ediblər. Təlimlər zamanı təlimçilərə inklüziv təhsildə əməkdaşlıq, xüsusi təhsil mütəxəssisləri və digər peşə sahibləri ilə əməkdaşlıq, inklüziv sinif təcrübələri, inklüziv siniflərdə qiymətləndirmə, ailə və uşaq dəstək planları ilə bağlı geniş məlumatlar verilib.