Haqqımızda

“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Vətəndaş cəmiyyətinin iştirakı və inklüziv təhsilin tətbiqi vasitəsilə Azərbaycanda təhsil sisteminin müasirləşdirilməsi” proqramı çərçivəsində həyata keçirilir. Layihənin icraçı təşkilatı olaraq “Regional İnkişaf” İctimai Birliyi (RİİB), “Yerli İdarə etməyə Yardım” (YİY) İctimai Birliyi və “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyi (SHAİB) ilə birlikdə inklüziv təhsilin inkişafına öz töhfəsini verməyi hədəfləyir.

Layihənin ümumi məqsədi “Azərbaycanın seçilmiş regionlarında inkluziv təhsil sistemi üçün müəllimlərin tədris imkanlarının və idarəetmənin, habelə pedaqoji resursların və siyasətin təkmilləşdirilməsi”ndən ibarətdir. Layihə Şəki, Ağcabədi, Quba, Şamaxı, Cəlilabad və Bakı regionlarına ünvanlanmışdır. 

Layihədən orta ümumtəhsil məktəblərində çalışan 1000-dən çox ibtidai sinif müəllimi, 400 universitet müəllimi, eləcə də pedoqoji universitetlərdə təhsil alan 2000-dən çox tələbə faydalanacaq. Layihənin müddəti may 2018 – sentyabr 2020-ci illəri əhatə edir.

Layihə çərçivəsində görülən işlər 4 (dörd) komponent üzrə təsnifatlaşdırılmışdır:

I komponent - Tədris proqramı və materialarının təkmilləşdirilməsi

İnklüziv təhsil üzrə təlim modullarının hazırlanması və ilkin pedaqoji hazırlıq və ixtisasartırma təhsil proqramlarına inteqrasiyası, inklüziv təhsilə dair məlumat, təlimat və tədris xarakterli müxtəlif vəsaitlərin hazırlanması, yardımçı mütəxəssislər (psixoloq, loqoped  və s.) üçün tədris vəsaitlərinin hazırlanması, inklüziv təhsil sahəsində mövcud material və vəsaitlərin, eləcə də təlim kurslarının daxil olduğu onlayn portalın yaradılması​​.

II komponent - Müəllim və yardımçı heyətin bacarıqlarının artırılması

Azərbaycan Dövlət Pedaqoji Universitetinin və ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimlərinə, eləcə də pedaqoji sahə üzrə təhsil alan tələbələrə inklüziv təhsil modulları üzrə təlimlərin keçirilməsi, müəllimlər üçün fərdi tədris planlarının (FTP) hazırlanması, tətbiqi və qiymətləndirilməsi ilə bağlı təlimatların hazırlanması və müvafiq təlimlərin keçirilməsi, məktəb rəhbərləri üçün inklüziv təhsil üzrə maarifləndirici seminarların keçirilməsi, inklüziv təhsil sahəsində nümunəvi təcrübənin öyrənilməsi üçün təhsil işçilərinin xarici ölkəyə səfərinin təşkili

III komponent - Müəllim və yardımçı heyət üçün inklüziv təhsil üzrə resursların yaradılması

Hədəf rayonlarda inklüziv təhsilin tətbiqi üçün mövcud resursların dəyərləndirilməsinin aparılması, müəllim və tələbələrin potensialının artırılması, eləcə də ictimaiyyətin məlumatlandırılması xidmətləri göstərəcək inklüziv təhsil mərkəzlərinin yaradılması, hər mərkəzin nəzdində daxili və səyyar təlimlər keçən, kouçinq və mentorinq xidmətləri göstərən təlimçilərin hazırlanması, əlilliyi olan uşaqlarla işləyən peşəkar müəllimlər şəbəkəsinin yaradılması 

IV komponent - İnklüziv təhsil üzrə təhsil siyasətinin təkmilləşdirilməsi və ictimai maariflədirmə tədbirləri

İnklüziv təhsil sahəsində mövcud siyasət, normativ baza və idarəetmə təcrübələrinin təhlilinin aparılması və qanunvericiliyin təkmilləşdirilməsi üzrə müvafiq təkliflərin hazırlanması, qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin təşviqi üzrə dövlət və qeyrihökumət təşkilatları ilə mütəmadi işin aparılması, inklüziv təhsil sahəsində ictimai məlumatlandırma tədbirlərinin həyata keçirilməsi