- settings
- add
- remove
- tonality
- refresh

02.02.2020
"Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması" layihəsi çərçivəsində Portuqaliya Respublikasına təlim səfəri təşkil olunub.
Avropa İttifaqının maliyyə dəstəyi ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən həyata keçirilən "Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması" layihəsi çərçivəsində 20-23 yanvar tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin bir qrup müəllim heyətinin və layihə əməkdaşlarının Portuqaliya Respublikasına təlim səfəri təşkil olunub.
Səfər çərçivəsində nümayəndə heyəti Portuqaliya Respublikasının Təhsil Nazirliyinin Baş Təhsil İdarəsinin nümayəndəsi ilə, Lissabon şəhərində fəaliyyət göstərən Alapraia, Pedro Eanes Lobato, António Arroio və Manuel Ferreira Patrício məktəblərində və Evora Universitetində rəsmi şəxslər, məktəb rəhbərləri, müəllimlər, valideynlər, tələbələr və digər əlaqəli şəxslərlə görüşlər keçirmiş, təlim-tədris otaqlarında yaradılan şəraitlə əyani tanış olmuş, təqdimatlarda iştirak ediblər.
Səfər məktəblərdə kadr hazırlığının təkmilləşdirilməsi və inklüziv təhsil mədəniyyətinin gələcək nəsil müəllimlərə təbliğ olunması baxımından faydalı olmuşdur. Təhsil müəssisələrində aparılan müşahidələr göstərdi ki, keyfiyyətli inklüziv təhsili şərtləndirən əsas amilləri bü cür ümimiləşdirmək olar: güclü əməkdaşlıq mühiti, fərqliliyə hörmət, dözümlülük və inklüziv təhsilin əhəmiyyətinə universal inam, ətraf mühitdə mövcud olan resurslardan öyrədici vasitə kimi istifadə etmək səriştəsi, təlim yanaşmalarının müxtəlifliyi.
Xatırladaq ki, "Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması" layihəsi “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud uşaqlar üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsinə dəstək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində bugünədək Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun filiallarında 6 inklüziv təlim mərkəzi yaradılmış, 1100-dən çox müəllim, 1135 tələbə təlimlərə cəlb olunmuş, inklüziv təhsilə dair çoxfunksiyalı portal yaradılaraq ictimaiyyətin istifadəsinə verilmiş, qabaqcıl təcrübəyə uyğun hazırlanmış təlim proqramları ilkin pedaqoji hazırlıq və ixtisasartırma təhsilinin kurikulumuna daxil edilmiş, qanunvericilik bazasının təkmilləşdirilməsi və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” beynəlxalq konvensiyanın tələblərinə uyğunlaşdırılması istiqamətində təkliflər hazırlanmışdır.